İsveçrədə Yeni il gecəsi baş vermiş yanğınla əlaqədar İsveçrə barının həmsahiblərindən biri həbs edilib
İsveçrədə Yeni il gecəsi baş vermiş yanğınla əlaqədar İsveçrə barının həmsahiblərindən biri həbs edilib.
İsveçrə prokurorları bildiriblər ki, Fransa vətəndaşı Jak Moreti ədalətdən qaçmaq üçün cəhd edə bilər.
Krans-Montanada barda baş vermiş yanğın nəticəsində 40 nəfər həlak olub, 116 nəfər isə yaralanıb. Cari həftə məlum olub ki, xizək kurortundakı bar beş ildir ki, təhlükəsizlik yoxlamasından keçmirmiş. Prokurorların ehtimalına görə, Yeni ili qeyd etmək üçün orada olan insanlar üzərinə fişəng şamı bərkidilmiş şampan şüşələrini yuxarı qaldırıblar və barın tavanına quraşdırılmış səs izolyasiya köpüyünə alov düşüb. İsveçrədə bu gün milli matəm günüdür və yanğın nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qurbanların əksəriyyəti gənc olub. Yaralılardan əksəriyyətinin ağır yanıq xəsarətləri var. Onlar İsveçrə və digər Avropa ölkələrində müalicə alırlar.