“İstəklilər koalisiyası”nın üzv ölkələrinin liderləri Rusiyanı atəşi dayandırmağa və atəşkəsə razı olmağa çağırır
“İstəklilər koalisiyası”nın üzv ölkələri Rusiyanı Ukraynanın mülki əhalisinə qarşı hücumları dayandırmağa və davamlı sülh danışıqlarının aparılması məqsədilə tam və qeyd-şərtsiz atəşkəs öhdəliyi götürməyə çağırırlar. Onlar həmçinin 2025-ci ildə Ukraynaya 40 milyard avro hərbi yardım edəcəklərini təsdiqləyirlər.
“Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə razılıq verməsindən dörd ay keçib. Bu müddət ərzində Rusiya Ukrayna əhalisinə qarşı hücumlarını gücləndirib, 700-dən çox insanı öldürüb, 3500-dən çox insanı yaralayıb və bunu Ukraynanın işğalından sonra ən intensiv hava hücumu ilə edib”, – “İstəklilər Koalisiyası” üzvlərinin görüşündən sonra dərc olunan bəyanatda deyilib.
Liderlər Donald Trampın müharibənin dayandırılmasına yönəlmiş səylərini müsbət qiymətləndiriblər və qeyd ediblər ki, ABŞ ilk dəfə olaraq bu gün virtual formatda keçirilən “İstəklilər koalisiyası”nın görüşünə qoşulub.
“Liderlər, həmçinin Rusiyanın hərbi iqtisadiyyatına qarşı tədbirlərin aktivləşdirilməsi barədə razılığa gəliblər. Onlar Rusiyanın enerji və maliyyə sektorlarına qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanması barədə razılaşıblar”, – bəyanatda deyilib.
Görüşdən sonra bildirildi ki, “İstəklilər koalisiyası”nın qərargahı Parisdə yerləşəcək, bir ildən sonra isə onun Londona köçürülməsi planlaşdırılır, həmçinin Kiyevdə koordinasiya qərargahı açılacaq.
Bununla yanaşı, ukrayna mediasının məlumatına görə, Ukraynada uzunmüddətli atəşkəsin təmin olunmasına yönəlmiş “İstəklilər koalisiyası”nın görüşündə ABŞ nümayəndələri ilk dəfə iştirak ediblər.
“İstəklilər koalisiyasının” görüşündə Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron iştirak edirdi.
Ukrayna prezidenti Volodimir Zelenski, İtaliya baş naziri Corcia Meloni və digər liderlər Romada keçirilən Ukraynanın bərpası konfransına onlayn rejimdə qoşulublar.
Görüşə ilk dəfə ABŞ-ın nümayəndələri, o cümlədən Prezidentin xüsusi nümayəndəsi, general Kit Kelloq, senator Lindsi Qrehem və senator Riçard Blumental qatılıb.
Bu, “İstəklilər Koalisiyası”nın rəhbərlik səviyyəsində altıncı görüşüdür.