İsrailin məhkəməsi ölkədə davam edən ümumi tətilin dayandırılması barədə fərman verib

16:58, 02.09.2024

 
İsrail mediası yazır ki, hakimin qərarına əsasən, “HƏMAS” tərəfindən qaçırılan girovların azad edilməsi haqqında razılaşmanın bağlanması tələbi ilə davam edən tətil yerli vaxtla bu gün saat 18:00-da dayandırılmalıdır. Medianın yazdığı kimi, məhkəmə ümumi tətilin siyasi xarakter daşıdığını müəyyən edib.

Xatırladaq ki, sentyabrın 2-də səhərdən İsraildə ümumi tətil başlayıb. Aksiyanın iştirakçılarının əsas tələbi İsrail hökumətinin girovları azad etmək üçün Qəzza sektorunda atəşkəs haqqında razılaşmaya razılıq verməsidir. Qəzza sektorunda İsrail ordusunun “HƏMAS” tərəfindən qaçırılan 6 girovun cəsədini tapması məlum olduqdan sonra tətilin keçirilməsi haqqında qərarı həmkarlar ittifaqları sentyabrın 1-də qəbul ediblər. Tətildə səhiyyə müəssisələrinin, iaşə obyektlərinin və hərbi sənayenin nümayəndələri, eləcə də ticarət şəbəkələrinin bir hissəsi iştirak edir. İctimai nəqliyyat da işləmir.

Hazırda Təl-Əviv və İsrailin bir sıra digər şəhərlərində etiraz aksiyaları keçirilir.

Oxşar