İsrail Xarici İşlər Naziri - İsrail Türkiyə silahlı qüvvələrinin Qəzzada olmasına icazə verməyəcək
İsrail Xarici İşlər Naziri - İsrail Türkiyə silahlı qüvvələrinin Qəzzada olmasına icazə verməyəcək

İsrail, ABŞ-ın Fələstin ərazisində müharibənin daimi şəkildə sona çatdırılmasını hədəfləyən planı çərçivəsində Qəzzada Türkiyənin silahlı qüvvələrinin olmasına icazə verməyəcək, – bu barədə İsrailin xarici işlər naziri Qideon Saar bildirib.

“Reuters”in yazdığına görə, Donald Trampın planı bu ay başlayan kövrək atəşkəsi qorumaq üçün Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

“Ölkələr, silahlı qüvvələr göndərmək istədikləri və ya hazır olduqları halda, İsrailə qarşı ən azı ədalətli olmalıdırlar. Ərdoğanın rəhbərliyi ilə Türkiyə İsrailə qarşı düşmənçi mövqe seçib, buna görə bizim üçün onların silahlı qüvvələrinin Qəzza zolağına daxil olması məqsədəuyğun deyil və biz bununla razılaşmayacağıq. Bunu Amerikalı dostlarımıza da dedik”, – Saar bildirib.

“Reuters”in məlumatına görə, Tramp administrasiyası Qəzza zolağına amerikalı əsgərlərin göndərilməsini istisna edib. Danışıqlar bir neçə ölkə ilə aparılır, o cümlədən İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər, Türkiyə və Azərbaycan ilə.

Bir neçə gün əvvəl ABŞ Dövlət Katibi Marko Rubio, İsrailə səfəri zamanı bildirib ki, beynəlxalq qüvvələr yalnız “İsrailin özünü rahat hiss etdiyi ölkələrdən” ibarət olmalıdır.