İsrail və “Hizbullah” arasında atəşkəs sazişi imzalanacaq
İsrail və “Hizbullah” arasında atəşkəs sazişi imzalanacaq. İsrail mediasının məlumatına əsasən, İsrail Təhlükəsizlik Kabineti sazişi təsdiqləmək üçün noyabrın 26-da toplanacaq. Sazişin mətni bu gün başa çatıb.
İsrail mediası həmçinin yazır ki, İsrail Müdafiə Qüvvələri ölkənin baş naziri Benyamin Netanyahunu Livanda atəşkəsə çağırıb. Yayılan məlumata əsasən, İsrail ordusu Netanyahuya sərhəd boyu “Hizbullah” infrastrukturunu məhv etmək və İsrailin şimalına hücum imkanını aradan qaldırmaq, həmçinin “Hizbullah”ın raket arsenalını kəskin şəkildə azaltmaq məqsədlərinə nail olduğunu bildirib.
Paralel olaraq, İsrail ordusunda Livanda “Hizbullah” üzvlərinin istifadə etdiyi 25 hədəfin bombalandığını bildirirlər. Livanın paytaxtı Beyrut İsrail ordusunun hədəfinə çevrilib. Həmçinin İsrailin Livanın Tir şəhərini bombalaması nəticəsində 12 nəfərin həlak olduğu barədə məlumat yayılır.
Paralel olaraq, “Hizbullah” Livandan İsrail istiqamətində 340 raket atıb ki, bu da müharibə başlayandan bəri ən böyük hücumdur. Raket hücumu nəticəsində İsraildə 11 nəfər yaralanıb.