İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi və cənub hissələrinə nöqtəli quru əməliyyatlarına başladığını elan edib
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi və cənub hissələrinə nöqtəli quru əməliyyatlarına başladığını elan edib. Hərbçilər əməliyyatın məqsədinin bufer zonasını genişləndirmək olduğunu deyirlər.
Müdafiə Qüvvələrində 252-ci diviziyanın Qəzza zolağını iki hissəyə bölən Netzarim dəhlizi ərazisinə daxil olduğunu bildirirlər. Həmçinin, Qolan Briqadası Qəzza sərhədinin cənub hissəsində yerləşir və gələcək hərəkətlər üçün hazırlaşır.
İsrail bir gün əvvəl Qəzza zolağına hava zərbələri həyata keçirdikdən sonra quru əməliyyatını bərpa edib. “HƏMAS”ın nəzarətində olan səhiyyə nazirliyinin məlumatına görə, hava hücumları nəticəsində 400-dən çox insan həlak olub.
İsrail hökumətinin bildirdiyinə görə, əməliyyatın bərpası “HƏMAS”ın girovları azad etməkdən dəfələrlə imtina etməsi, həmçinin Tramp administrasiyası və vasitəçilərin bütün təkliflərini rədd etməsinin ardınca baş verib.
Məlumat üçün bildirək ki, martın 1-də İsrail və “HƏMAS” arasında müvəqqəti atəşkəsin birinci mərhələsi başa çatdıqdan sonra tərəflər atəşkəsi davam etdirmək üçün vasitəçilərin köməyi ilə danışıqlar aparırdılar.