İsmayıl Bəqai – Region ölkələri dərk etdilər ki, qeyri-səmimi vasitəçilərdən təhlükəsizlik satın almaq mümkün deyil
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin bildirdiyinə görə, region ölkələri dərk etdilər ki, təhlükəsizliyi “qeyri-səmimi vasitəçilərdən satın almaq” mümkün deyil.
“Son iki-üç ilin hadisələrini nəzərə alsaq, region ölkələri təhlükəsizliyin qeyri-səmimi vasitəçilərdən satın alına bilən bir əmtəə olmadığını anlayıblar”, – Bəqai bildirib.
Onun sözlərinə görə, Tehranın Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanmış təhlükəsizlik paktına görə narahat olması üçün heç bir əsası yoxdur. Bəqainin bildirdiyinə görə, bu saziş region ölkələrinin təhlükəsizlik məsələsinə yanaşmasının dəyişdiyini nümayiş etdirir.
Məlumat üçün bildirək ki, sözügedən ölkələr ötən həftə hər hansı hücum baş verəcəyi təqdirdə müttəfiqlərin bir-birinə yardım göstərməsini nəzərdə tutan saziş imzalayıblar. Yardım formatını isə onlar konkret vəziyyətə uyğun olaraq özləri müəyyən edəcəklər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, yeni aliyans İrana və ya başqa bir ölkəyə qarşı yönəlməyib, sadəcə təhlükəsizliyi təşviq etmək üçün ümumi bir öhdəlikdir.