İsani rayonunda Gürcüstanın milli qəhrəmanı Aleksandre Onianinin adını daşıyan küçənin açılışı edilib
Tbilisi Sakrebulosunun Advermə və Rəmzlər Komissiyasının təşəbbüsü və sakrebulonun qərarı ilə Tbilisidə İsani rayonunda Gürcüstanın milli qəhrəmanı, Şindisi döyüşünün iştirakçısı Aleksandre Onianinin adını daşıyan küçənin açılışı edilib.
Tbilisi Sakrebulosunun Advermə və Rəmzlər Komissiyasının sədri Levan Abaşidze tədbirin açılışını edib.
“Biz görkəmli gürcü igidlərindən biri, Gürcüstanın milli qəhrəmanı Aleksandre Onianinin adını daşıyan küçənin açılışını etməkdən şərəf duyuruq. Avqust müharibəsi zamanı ölkəmizin keçdiyi yolları unutmamaq, ölkəmizin azadlığını və müstəqilliyini qorumaq üçün ən dəyərli şeyi, öz həyatını fəda etmiş, bununla da bizlərə fədakarlıq və şücaət nümunəsi qoyan o ad-sanlı qəhrəmanları unutmamaq hər birimizin borcudur” -Levan Abaşidze bildirib.
Tbilisi Sakrebulosunun Hüquq Məsələləri və İnsan Hüquqlarının Müdafiəsi Komissiyasının sədri Nino Vardosanidze, sakrebulonun Təhsil və Mədəniyyət Komissiyasının sədri, İsani rayonunun majoritarı Kaxa Labuçidze, müdafiə nazirinin müavini Qriqol Qiorqadze və Veteranların İşi üzrə Dövlət Xidmətinin sədri Koba Kobaladze tədbirdə çıxış ediblər. Tədbirdə sakrebulonun deputatları, Aleksandre Onianinin ailə üzvləri, Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Cicinadze, maddi-texniki təminat komandanı, briqada generalı Kaxa Tabatadze, Müdafiə Nazirliyinin hərbçiləri, dəvət olunmuş qonaqlar iştirak edirdilər.
“Şindisi qəhrəmanı”, kiçik serjant Aleksandre Oniani 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı avqustun 11-də 27 yaşında qəhrəmancasına həlak olub. Birinci dərəcəli Vaxtanq Qorqasali ordenli (ölümündən sonra) hərbçi 2021-ci ildə Milli Qəhrəman ordeni ilə təltif edilib.