İrina Vereşçuk ukraynalı qaçqınları Rusiyanın bombardmanının yaratdığı enerji böhranı fonunda xaricdə qalmağa çağırıb
Ukraynanın vitse-baş naziri İrina Vereşçuk Rusiyanın bombardmanları nəticəsində vətəndə yaranan enerji böhranı səbəbindən ukraynalı qaçqınları xaricdə qalmağa çağırır. Vereşçuk bu barədə Ukraynanın İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.
Vereşçukun qeyd etdiyi kimi, ukraynalı qaçqınlar, mümkünsə, yaza qədər vətənlərinə qayıtmaqdan çəkinməlidirlər.
“Fürsətdən istifadə edərək onlardan geri qayıtmamalarını xahiş etmək istəyirəm. Bu qışdan sağ çıxmalıyıq. Təəssüf ki, elektrik şəbəkəsi bunun öhdəsindən gələ bilmir. Rusiyanın nə etdiyini görürsünüz. İndi qayıtmaq özünüzü, yaxınlarınızı riskə atmaq deməkdir. Ona görə də xahiş edirəm bunu etməyin. İmkanınız varsa xaricdə qalın, qışı xaricdə keçirin. Yazda, Xarkov və Xerson vilayətlərimizi, eləcə də Ukraynanın qalan hissəsini yenidən bərpa edəcəyimizə çox ümid etdiyim zaman biz istəyirik ki, siz Ukraynaya qayıdasınız”-deyə Vereşçuk ukraynalı qaçqınlara müraciət edib.
Xatırladaq ki, son bir neçə həftə ərzində Rusiya qüvvələri Ukraynanın enerji infrastrukturuna hücumları intensivləşdirib, buna görə ölkədə elektrik enerjisinin verilməsi qrafiki işə düşüb. Ukrayna hökuməti vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırır.