İranda matəm aksiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib
İranda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib. İğtişaşlar Tehran yaxınlığında, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən gənc qadın Nadi Nəcəfinin ölümünün 40-cı gününün qeyd edildiyi matəm mərasimində baş verib.
Toqquşmalardan əvvəl yerli hakimiyyət orqanları vətəndaşların Nəcəfinin məzarını ziyarət etməsinə imkan verməyib, qəbiristanlığı bağlayıb.
“BBC”-nin yazdığı üzrə, sosial şəbəkələrdə yayılan videoda nümayişçilərin bağladığı Ğaraci maqistralı görünür. Kadrlarda yanan avtomobillər və hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilərin də olduğu görünür. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edirlər.
Nadi Nəcəfi İranda iki aya yaxındır davam edən etirazların simvollarından birinə çevrilib. Sentyabrın 21-də 22 yaşlı Nəcəfi özünün Tik-Tok səhifəsində nümayişçilərə qoşulduğu videonu yerləşdirib. Bir neçə saat sonra polis tərəfindən atılmış güllə ona dəyib. “BBC”nin yaydığı məlumatda qeyd olunub ki, İran rəsmiləri gənc qızın atasından övladının ürək tutmasından dünyasını dəyişdiyini söyləməsini tələb ediblər. Norveçdə yerləşən İranlıların Hüquq Müdafiəçiləri Mərkəzinin nümayəndələrinin yaydıqları məlumatda, İranda etirazların yatırılması zamanı bu vaxtadək 40 uşaq və 24 qadın olmaqla 277 nəfərin həlak olduğu deyilir. İran hakimiyyəti etirazçıların öldürülməsini inkar edir və buna görə xaricdən dəstəklənən “terrorçuları” günahlandırdığını bildirir. İran dövlət mediası etirazlar zamanı 35 hüquq-mühafizə orqanı əməkdaşının həlak olması barədə məlumat yayır.