İranda bildirirlər ki, İsrailin endirdiyi zərbələr nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri öldürülüb
İran dövlət televiziyasının məlumatına görə, İsrailin endirdiyi zərbələr nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri öldürülüb.
Baqiri İranın ən yüksək rütbəli hərbi zabiti idi. O, 1980-ci ildə İnqilab Keşikçiləri sırasına daxil olub.
Xatırladaq ki, İsrail bir neçə saat əvvəl İranın nüvə obyektlərinə zərbələr endirdiyini bildirib. İsrailin müdafiə naziri İsrael Katsın söylədiyinə görə, İsrail İrana hücuma başlayıb və İsraildə “xüsusi fövqəladə vəziyyət” elan olunub. İsrail baş nazirinin bəyanatı da yayılıb. Benyamin Netanyahunun dediyinə görə, İsrail “Yüksələn aslan” əməliyyatına başlayıb, onların pilotları İranın müxtəlif bölgələrində çoxsaylı hədəfə hücum edir və əməliyyat lazım olduğu müddətcə davam edəcək. İranın dövlət mediası İsrailin hücumu nəticəsində bir neçə yüksək rütbəli hərbçinin həlak olması barədə məlumat verir, həmçinin mülki əhali arasında itkilər barədə məlumat yayılır. İranda təsdiqləyiblər ki, hücum nəticəsində “İslam İnqilabı Keşikçiləri Korpusu”nun komandiri Hüseyn Salami də həlak olub. İran silahlı qüvvələrinin nümayəndəsi İsrail və ABŞ-ın ağır bədəl ödəyəcəyini bildirib. İranın dini lideri də İsraili ağır cəza ilə hədələyib.