İran yenidən bir neçə Fars körfəzi ölkəsinə hücum edib
İran yenidən bir neçə Fars körfəzi ölkəsinə hücum edib

Birləşmiş Ərəb Əmirliklərindəki neft-kimya zavodunda İranın hücumu nəticəsində yanğın baş verib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Onların məlumatına görə, söhbət “Borouge” şirkətinə məxsus zavoddan gedir. Yayılan məlumata görə, yanğın dron qalıqlarının düşməsi nəticəsində baş verib.

Zavodun fəaliyyəti dayandırılıb və mütəxəssislər dəymiş ziyanı qiymətləndirirlər. Xəsarət alanlar barədə məlumat yayılmayıb.

Hadisədən bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bəyan edib ki, İran raketlərinin və pilotsuz uçuş aparatlarının bir hissəsini zərərsizləşdirib.

İran həmçinin Bəhreynin neft infrastrukturuna hücum edib.

Bəhreyn Milli Neft və Qaz Şirkəti bildirib ki, İranın hücumundan sonra rezervuarın birində yanğın baş verib. Yanğın artıq söndürülüb və dəymiş ziyan qiymətləndirilir.

Bəhreynin neft-kimya şirkəti “Gulf Petrochemical Industries” də İran dronlarının hücumu barədə məlumat verib. Onların məlumatına görə, sənaye müəssisələrində baş vermiş yanğınlar artıq söndürülüb. Bu hadisədə də xəsarət alanlar barədə məlumat yayılmayıb.

Küveyt hakimiyyəti də İran dronlarının hücumu barədə xəbər verir.

Onların məlumatına görə, elektrik stansiyaları və su təmizləmə stansiyaları zədələnib.

Yerli medianın məlumatına görə, başqa bir dron Küveytin Maliyyə Nazirliyinə məxsus binaya çırpılıb və ciddi maddi ziyana səbəb olub.