İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ sanksiyaların qaldırılmasını müzakirə etməyə razı olarsa, nüvə razılaşması əldə etmək üçün ABŞ ilə güzəştləri müzakirə etməyə hazırdırlar
Əgər Amerika tərəfi sanksiyaların qaldırılması məsələsini müzakirə etməyə razı olarsa, İran nüvə sazişinə nail olmaq üçün ABŞ ilə güzəştləri müzakirə etməyə hazırdır. Bu barədə İran xarici işlər nazirinin müavini “BBC”yə verdiyi müsahibəsində bildirib.
Məcid Təxt-Rəvançi deyib ki, indi “həqiqətən razılaşma istədiklərini sübut etmək üçün top Amerikadadır”.
“Əgər onlar səmimidirlərsə, əminəm ki, razılaşma yolunda olacağıq”, – İranlı nazir bildirib.
“Əgər onlar sanksiyalar barədə danışmağa hazır olacaqlarsa, biz bu məsələni və nüvə proqramı ilə bağlı digər məsələləri müzakirə etməyə hazırıq”, – Təxt-Rəvançi deyib.
O, bunun bütün sanksiyaların yoxsa yalnız bir hissəsinin ləğvi demək olub-olmadığını təsdiqləməyib.
ABŞ-ın rəsmi şəxsləri dəfələrlə bildiriblər ki, uzanan danışıqlar prosesində irəliləyişi ABŞ deyil məhz İran əngəlləyir. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp razılaşmaya üstünlük verir, lakin İranla razılığa gəlmək “çox çətindir”.