İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Ukraynanın dronlar vasitəsilə İsraili dəstəkləməklə faktiki olaraq müharibəyə qoşulduğunu bildirib
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Ukraynanın dronlar vasitəsilə İsraili dəstəkləməklə faktiki olaraq müharibəyə qoşulduğunu bildirib

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Ukraynanın dronlar vasitəsilə İsraili dəstəkləməklə “faktiki olaraq müharibəyə qoşulduğunu” bildirib.

İranlı deputat İbrahim Əzizi “X” sosial şəbəkəsində yazıb ki, bunun nəticəsində Ukrayna İran üçün “qanuni hədəf”ə çevrilib.

Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə deyib ki, İranla davam edən müharibə və Tehranın Fars Körfəzi ölkələrinə hücumları fonunda on bir ölkə İranın “Şahed” tipli dronlarına qarşı mübarizədə kömək üçün Kiyevə müraciət edib.

2022-ci ildən bəri Kiyev dronlara qarşı mürəkkəb və çoxqatlı hava hücumundan müdafiə sistemi hazırlayıb. O, mobil atəş qruplarını, tez-tez pikaplara quraşdırılmış ağır pulemyotlar, həmçinin müxtəlif elektron döyüş sistemləri və Ukraynada istehsal edilmiş kəşfiyyat dronlarını əhatə edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin söylədiyinə görə, fevral ayında paytaxta və Kiyev bölgəsi istiqamətində buraxılan İranın “Şahed” tipli dronlarının 70%-dən çoxu məhz müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.