İran hərbi mənbələri Donald Trampın Tehranın Vaşinqtondan hərbi zərbələri dayandırmağı xahiş etməsi barədə bəyanatını təkzib edir
İran hərbi mənbələri ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtondan hərbi zərbələri dayandırmağı xahiş etməsi barədə bəyanatını təkzib edib. Bu barədə “Reuters” agentliyi İran mənbəsinə istinadən məlumat yayır.
Agentliyin məlumatına görə, Tehranda Trampın bəyanatını “növbəti bir yalan” adlandırıblar.
Mənbələrin qiymətləndirməsinə görə, Trampın sosial şəbəkədə dərc etdiyi paylaşımı Fars körfəzi ölkələrinə təzyiq göstərmək cəhdidir. Onların sözlərinə görə, İran silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətində qalır.
“Qarşıdurma qaçılmaz olarsa, hər şeyi döyüş meydanı həll edəcək. O zaman hər kəs gücün kimin əlində olduğunu və son sözün kimə aid olduğunu görəcək”, – İran hərbi mənbələri bildirirlər.
Məlumat üçün bildirək ki, Donald Tramp bundan əvvəl İran və Yaxın Şərqin digər ölkələrinin xahişi əsasında İrana qarşı yeni zərbələri dayandırdığını bəyan etmişdi, lakin o bu qərarın razılaşmanın tez bir zamanda əldə olunub-olunmayacağından asılı olduğunu qeyd etmişdi.