İranın dövlət yayımçısının məlumatına görə, Hörmüz boğazı yenidən bağlanıb və gəmilərin keçidi üçün İranın icazəsi tələb olunur
İranın dövlət yayımçısı IRIB-in məlumatına görə, Hörmüz boğazı yenidən bağlanıb. Media İranın Mərkəzi Hərbi Qərargahına istinadən məlumat yayır.
Onların məlumatına görə, əsas gəmiçilik yolu “yenidən bağlanıb və keçid üçün İranın razılığı lazımdır”.
Boğazın yenidən bağlanmasının səbəbi kimi rəsmi Tehran ABŞ tərəfindən limanlara tətbiq olunan dəniz blokadasının davam etdirilməsini göstərir.
“İranın Mərkəzi Hərbi Qərargahı: İran razılaşmalara uyğun olaraq Hörmüz boğazından məhdud sayda gəmilərin keçməsinə icazə verib, lakin ABŞ öz öhdəliklərini yerinə yetirməyib. Buna görə də Hörmüz boğazı hazırda yenidən bağlıdır və keçid üçün İranın razılığı tələb olunur”, – deyə bəyanatda deyilib.
Məlumat üçün bildirək ki, İsrail və Livan arasında atəşkəs müqaviləsi 17 apreldə qüvvəyə minib və on gün ərzində davam edəcək. İranın xarici işlər naziri Abbas Əraqçinin bildirdiyinə görə, Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıq olmalı idi.
“MarineTraffic” naviqasiya platformasının məlumatına görə, səhər saatlarında bir neçə gəmi Hörmüz boğazından hər iki istiqamətdə keçib.