İrakli Nadareişvili - Tbilisi və Ankara arasında birbaşa reyslər həm biznes və iqtisadiyyatın, həm də turizmin inkişafına töhfə verəcək
İrakli Nadareişvili - Tbilisi və Ankara arasında birbaşa reyslər həm biznes və iqtisadiyyatın, həm də turizmin inkişafına töhfə verəcək

İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini İrakli Nadareişvilinin bildirdiyinə görə, Gürcüstan hökuməti ölkənin birbaşa əlaqələrinin inkişafı istiqamətində fəal işləyir.

Onun sözlərinə görə, buna misal olaraq Tbilisi-Ankara-Tbilisi reyslərinin başlanmasını göstərmək olar.

“Türkiyə Gürcüstanın əsas ticarət və iqtisadi tərəfdaşlarından biridir. Müvafiq olaraq, Tbilisi və Ankara arasında birbaşa reyslər ölkələrimiz arasında həm biznes və iqtisadiyyatın, həm də turizmin inkişafına töhfə verəcək”, – İrakli Nadareişvili qeyd edib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, ötən ilin göstəricilərinə əsasən, Gürcüstan və Türkiyə arasında aviauçuşlar vasitəsilə 1 milyon 200 mindən çox sərnişin daşınıb ki, bu da Gürcüstan ilə qonşu ölkələr arasında ümumi sərnişin axınının 47%-ni təşkil edib.

“Ümumi statistikaya gəlincə: 2025-ci ilin ilk yeddi ayı ərzində Gürcüstanın hava limanlarında rekord sayda – 20 mindən artıq beynəlxalq və yerli aviareys yerinə yetirilib. Yanvar-iyul aylarında həyata keçirilən sərnişin və yük daşımaları reyslərinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16% artıb. Hazırda ölkənin hər üç beynəlxalq hava limanında həftəlik təxminən 745 uçuş yerinə yetirilir, həmçinin sərnişin axını 13% artıb”, – İqtisadiyyat Nazirliyinin məlumatında deyilib.

Məlumat üçün bildirək ki, sentyabrın sonundan Türkiyənin aşağıbüdcəli “AJet” aviaşirkəti Tbilisi və Ankara arasında müntəzəm reysləri həftədə dörd dəfə həyata keçirəcək.