İrakli Kobaxidze – Avropa İttifaqının yeganə marağı Gürcüstanla münasibətləri dərinləşdirmək ola bilər, gəlin, münasibətlərin tam şəkildə bərpa olunacağına dair nikbinliyimizi qoruyub saxlayaq
Avropa İttifaqının obyektiv maraqlarını nəzərə alsaq, onun obyektiv baxımdan yeganə marağı Gürcüstanla münasibətlərin dərinləşdirilməsi ola bilər, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə bildirib.
Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqının şərq istiqamətində əlaqələndirmə baxımından ciddi problemləri var.
“Rusiya ilə əlaqə tamamilə kəsilib. Yaxın Şərqdə problemli bir vəziyyət var və Avropa İttifaqı ilə Şərq arasında yeganə təbii körpü qalır, bu, Gürcüstan olmadan fəaliyyət göstərə bilməyən Cənubi Qafqaz körpüsüdür. Avropa İttifaqından olan yüksək vəzifəli şəxslərdən biri bildirirdi ki, guya Gürcüstan olmadan da mümkündür. Burada təfərrüatlara varmayacağam, çünki bu, qeyri-ciddi yanaşmadır. Belə bəyanatlar verməmək üçün ən azı xəritəyə baxmalı və coğrafiyadan anlayışın olmalıdır. Məhz buna görə də, Avropa bürokratiyasının Avropa cəmiyyətinin, əhalisinin obyektiv maraqlarına uyğun hərəkət etmədiyinə dair şübhələrimiz var. Burada əsaslı şübhələrimiz var. Əks halda, Avropa bürokratiyası tamamilə Gürcüstanla münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin yaxşılaşdırılmasına diqqət yetirərdi. Qalan məsələlərə gəlincə, hadisələrin necə inkişaf edəcəyini və proseslərin hansı istiqamətdə davam edəcəyini gözləyək. Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin tam şəkildə bərpa olunacağına dair nikbinliyimizi qoruyub saxlayaq”, – Baş nazir bildirib.