İrakli Kobaxidze - Zurab Pataradze Acara hökumətinin görkəmli, layiqli sədri olacaq, əminəm ki, onun rəhbərliyi ilə ölkəmizin bu gözəl bölgəsi böyük uğurlar qazanacaq
Acara Muxtar Respublikası ölkəmizin ən gözəl və ən mühüm bölgələrindən biridir və xüsusi diqqət tələb edir. Bu bölgənin idarə olunmasının etibarlı əllərdə olması çox vacibdir, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acara Muxtar Respublikası hökumətinin sədrliyinə namizədin təqdimatı zamanı bildirib.
Kobaxidze Acara Muxtar Respublikası Hökumətinin sədri vəzifəsindəki fəaliyyətinə görə Sulxan Tamazaşviliyə təşəkkür edib.
“Bunun üçün cənab Sulxan xüsusi təşəkkürə layiqdir. O, Gürcüstan hökumətində çox mühüm vəzifəni – Daxili İşlər naziri vəzifəsini tutub. Ona bu vəzifəsində uğurlar arzulayıram”, – deyə İrakli Kobaxidze bildirib.
Bununla yanaşı, Baş nazir Zurab Pataradzenin təcrübəsindən danışıb və qeyd edib ki, o, illər ərzində Acara Muxtar Respublikası hökumətinə böyük uğurla rəhbərlik edib.
“Zurab Pataradzenin sədrliyi dövründə bir çox irimiqyaslı infrastruktur layihələrinin əsası qoyulub. Onun fəaliyyət illəri Acara Muxtar Respublikası üçün olduqca uğurlu olub. O, həmçinin, xüsusən də son illərdə görkəmli diplomatdır. Onun Azərbaycan Respublikasında səfir vəzifəsindəki fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Məhz onun səfirliyi dövründə gürcü–azərbaycan münasibətləri yeni mərhələyə keçdi və bu prosesdə Zurab Pataradzenin xüsusi şəxsi töhfəsi olub. Keçmişdə gördüyü fəaliyyətə görə ona təşəkkür edir və uğurlar arzulayıram. O, Acara Muxtar Respublikasında çox seçilən, layiqli hökumət başçısı olacaq. Əminəm ki, onun rəhbərliyi ilə Acara Muxtar Respublikası, ölkəmizin bu gözəl bölgəsi yeni və çox böyük uğurlara nail olacaq”, – Baş nazir bildirib.