İrakli Kobaxidze - Surami dolama yolunun açılışı, Gürcüstanı Orta Dəhlizin mərkəzi, ən sürətli və təhlükəsiz halqasına çevirmək kimi strateji məqsədimizə doğru atılmış daha bir addımdır
Sizi ölkəmizin əsas avtomobil arteriyası – Şərq-Qərb sürətli magistral yolunun ən vacib hissəsi olan Surami dolama yolunun açılışı münasibətilə təbrik etmək istəyirəm. Bu, həqiqətən də, ölkəmiz üçün əhəmiyyətli hadisədir. Bu layihə, Gürcüstanı Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin mərkəzi, ən sürətli və təhlükəsiz halqasına çevirmək istiqamətində atılmış növbəti strateji addımdır, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Surami dolama yolunun açılış mərasimində çıxışı zamanı bildirib.
Hökumət başçısı qeyd edib ki, irimiqyaslı mühəndislik layihəsi – 6,4 kilometr uzunluğunda 11 körpü və 5 tuneldən ibarət avtomobil yolu ən yüksək beynəlxalq standartlara tam cavab verir.
“Ötən illərdə biz Rikoti dağ keçidinin ən çətin hissələrini və Batumi dolama yolunu açdıq, bu gün isə Surami hissəsinin açılışı ilə artıq Tbilisidən Rikoti tunelinədək fasiləsiz sürətli magistral yolumuz olacaq. Bu, vətəndaşlarımız və qonaqlarımız üçün vaxtın qısalması, təhlükəsizliyin artması və ən əsası, Surami və ətraf yaşayış məntəqələrinin tranzit hərəkətdən azad olunması deməkdir. Bu layihə sadəcə infrastruktur deyil. Bu, Gürcüstanı Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin mərkəzi, ən sürətli və ən təhlükəsiz halqasına çevirmək istiqamətində atılmış növbəti strateji addımdır. Bu, logistika xərclərinin azaldılması, yük dövriyyəsinin artırılması, yeni iş yerlərinin yaradılması və ölkəmizə yatırılan investisiyaların artması deməkdir. Layihənin faydası birbaşa olaraq vətəndaşlarımızın rifahına təsir edəcək, ölkəmizin iqtisadi, regional və geosiyasi mövqelərini daha da gücləndirəcək. Bu perspektiv ən yaxşı şəkildə artıq əldə olunmuş nəticələri və onların miqyasını əks etdirən rəqəmlərdə görünür: bizim hakimiyyət dövründə 298 kilometrdən çox magistral yol inşa olunub. Xatırladaq ki, 2012-ci ilə qədər cəmi 68 kilometr avtomagistral inşa olunmuşdu”, – deyə baş nazir bildirib.
İrakli Kobaxidzenin dediyinə görə, mövcud layihələrin hamısı mərhələli şəkildə tamamlanacaq və Batumi–Sarpi, Qırmızı Körpü və Sadaxlı hissələrinin tikintisinə başlanılacaq.
“Əlbəttə, biz burada dayanmırıq – biz bütün davam edən layihələri mərhələli şəkildə başa çatdıracağıq və Batumi-Sarpi, Qırmızı Körpü və Sadaxlı hissələrinin tikintisinə başlayacağıq; Beləliklə, qonşu ölkələrlə sürətli magistral yollar vasitəsilə əlaqə tam şəkildə təmin olunacaq”, – Baş nazir qeyd edib.
İrakli Kobaxidze uzunillik tərəfdaşlığına görə Gürcüstanın etibarlı tərəfdaşı – Dünya Bankına və bu irimiqyaslı layihənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə Gürcüstanın icraedici, qanunverici və yerli hakimiyyətin nümayəndələri iştirak edirdi.