İrakli Kobaxidze regiondakı dövlət nümayəndələri, bələdiyyə merləri və şuraların sədrləri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze regiondakı dövlət nümayəndələri, bələdiyyə merləri və yerli şuraların sədrləri ilə görüşüb. Hökumət başçısı uzunmüddətli perspektivdə regionların inkişafına və mərkəzi və yerli hakimiyyət orqanları arasında koordinasiyanın əhəmiyyətinə diqqət yetirib, bunun isə mühüm layihələrin səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyini bildirib.
Görüşdə həmçinin struktur bölmələrində optimallaşdırma məsələsinə də toxunulub.
“Mərkəzi hakimiyyət və yerli özünüidarəetmələr arasında sıx koordinasiya çox vacibdir. Bir çox layihələr yerli səviyyədə nazirliklər tərəfindən həyata keçirilir və bələdiyyələrin iştirakı vacibdir. Biz həmçinin sosial yardım məsələlərinə də toxunduq. Bu bazalar yenidən nəzərdən keçirilməlidir və biz bələdiyyələrin iştirakı ilə bu məsələ üzərində fəal işləyəcəyik. Biz həmçinin korrupsiyanın qarşısının alınmasının vacibliyinə diqqət yetirdik. Bu baxımdan bir çox vacib addımlar atılıb. Yerli özünüidarəetmə səviyyəsində korrupsiya hallarının qarşısını mümkün qədər almaq vacibdir”, – deyə İrakli Kobaxidze qeyd edib.
Görüşdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, infrastruktur naziri Revaz Soxadze, regional inkişaf naziri Kaxaber Quledani, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mamuka Mdinaradze, Parlamentin Regional Siyasət və Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili, Komitə üzvü Dimitri Samxaradze, Acara Muxtar Respublikası Hökumətinin sədri Sulxan Tamazaşvili və Acara Muxtar Respublikasının Ali Şurasının sədri Davit Qabaidze iştirak edirdi.