İrakli Kobaxidze Parisdə idman sammitində və Olimpiadada iştirak edən dövlətlərin liderlərinin şərəfinə keçirilmiş qəbulda iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parisdə Olimpiya Oyunlarının iştirakçısı olan dövlət və hökumət başçıları ilə birlikdə “Davamlı inkişaf üçün idman” sammitində iştirak edib. Məlumatı baş nazirin mətbuat xidməti yayır.
Onların məlumatında, Fransanın İnkişaf Agentliyinin (AFD) təşkilatçılığı ilə keçirilən tədbirin açılışının AFD-nin baş direktoru Remi Riunun çıxışı ilə edildiyi deyilir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Fransanın Prezidenti Emmanuel Makron sammit iştirakçıları qarşısında çıxış ediblər.
Tədbir dövlət və hökumət başçıları ilə yanaşı, beynəlxalq təşkilatların və idman federasiyalarının nümayəndələrinin olduğu 500-ə yaxın iştirakçıya ev sahibliyi edib.
Həmçinin, Gürcüstan hökumətinin başçısı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın adından Paris Olimpiadasının açılış mərasiminin qonağı olan dövlət liderlərinin şərəfinə Luvrda keçirilən təntənəli qəbulda iştirak edib.