İrakli Kobaxidze Özbəkistan Prezidentinə rəsmi şam yeməyində ev sahibliyi edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze nümayəndə heyəti ilə birlikdə Gürcüstanda dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə rəsmi şam yeməyində ev sahibliyi edib.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı Özbəkistandan Gürcüstana ali səviyyədə həyata keçirilən bu ilk səfərin ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyətini vurğulayıb.
Qonaqlar funikulyorla səyahət ediblər və paytaxtın mənzərələrini seyr ediblər.
Özbəkistan Prezidentinin şərəfinə Tbilisi teleqülləsi Özbəkistan Respublikasının dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Şavkat Mirziyoyev Gürcüstana iki günlük dövlət səfərinə gəlib. Səfər çərçivəsində, sabah Gürcüstanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək, bundan sonra isə iki ölkənin müvafiq qurumları arasında müxtəlif sahələrdə əməkdaşlığa dair memorandumlar imzalanacaq.