İrakli Kobaxidze İlham Əliyevlə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə diqqət yetirilib.
İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası və bu kontekstdə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın rolu vurğulanıb. Gürcüstan tərəfi yaxın gələcəkdə komissiyanın növbəti iclasına ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
İki ölkə liderləri qlobal və regional geosiyasi çağırışları müzakirə ediblər və bir daha regionun davamlı və sabit inkişafı üçün sülhün vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli layihələr və onların əlaqəliliyin gücləndirilməsindəki rolu müzakirə olunub.
Sənədləri Gürcüstan tərəfindən İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan tərəfindən isə İqtisadiyyat naziri Mikayıl Cabbarov və Energetika naziri Pərviz Şahbazov imzalayıblar.
Həmçinin, İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb və buna əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsinin tam istismara verilməsi nəzərdə tutulub. Sənədi Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, 6 illik fasilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsi mayın 26-dan bərpa olunacaq.
Sənədlərin imzalanması mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak ediblər.