İrakli Kobaxidze - Hökumətin prioriteti biznesə maksimum dəstək vermək və biznes azadlığını təmin etməkdir, bu prinsiplər ölkəmizdə şahidi olduğumuz iqtisadi inkişafın əsasını təşkil edir
İrakli Kobaxidze - Hökumətin prioriteti biznesə maksimum dəstək vermək və biznes azadlığını təmin etməkdir, bu prinsiplər ölkəmizdə şahidi olduğumuz iqtisadi inkişafın əsasını təşkil edir

Gürcüstan hökumətinin prioriteti biznesə maksimum dəstək vermək və biznes azadlığını təmin etməkdir, bu prinsiplər ölkəmizdə şahidi olduğumuz iqtisadi inkişafın əsasını təşkil edir”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Tbilisi Outlet Village”in açılış mərasimində çıxışı zamanı bildirib.

Hökumət başçısının dediyinə görə, “Tbilisi Outlet Village” təkcə Gürcüstanda deyil, bütün bölgədə ilk müasir tipli outlet kəndidir və bu məkan yalnız Gürcüstan vətəndaşları üçün deyil, müxtəlif ölkələrdən gələn qonaqlar üçün də cəlbedici mərkəzə çevriləcək.

“Mən şadam ki, bu gün ölkəmizdə tamamilə yeni tipli bir layihənin açılışını edirik. Bu, təkcə Gürcüstanda deyil, bütün Cənubi Qafqaz bölgəsində ilk müasir outlet kəndidir, müvafiq olaraq, bu məkan yalnız həmvətənlərimiz üçün deyil, həm də müxtəlif ölkələrdən gələn qonaqlar üçün cəlbedici bir mərkəzə çevriləcək.”

Bu kəndin yerləşdiyi yer də elə seçilib ki, qonşu ölkələrdən, xüsusilə Ermənistan və Azərbaycandan gələn qonaqları asanlıqla cəlb edəcək və bu məkan təkcə alış-veriş üçün deyil, həm də əyləncə və istirahət üçün əsl episentrə çevriləcək. Belə bir layihənin ölkəmizdə həyata keçirilməsi isə olduqca əhəmiyyətlidir. Bu, iqtisadiyyatın artması ilə yanaşı, ümumilikdə ölkəmizdə biznes qurmağa olan etimadın da artdığını göstərir və bu miqyasda olan investisiya məhz bunun sübutudur. 80 milyon lari həcmində investisiya ümumilikdə onu göstərir ki, biznesin və investorun ölkəmizdə formalaşmış iqtisadi mühitə etimadı var.

Gələcəkdə də belə layihələrin həyata keçirilməsinə dəstək vermək üçün əlimizdən gələni edəcəyik. Gürcüstan hökumətinin prioriteti məhz budur – biznesin maksimum dəstəklənməsi, biznes azadlığının təmin edilməsi və ölkəmizdə gördüyümüz iqtisadi inkişaf məhz bu prinsiplər əsasında formalaşır. „Tbilisi Outlet Village“in təsisçilərinə, investorlarına və bu layihənin həyata keçirilməsində iştirak edən bütün insanlara təşəkkür etmək istəyirəm”, – deyə baş nazir bildirib.