İrakli Kobaxidze Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Bu barədə hökumət administrasiyası məlumat yayır.
Onların məlumatına görə, Türkmənistanda Beynəlxalq Sülh və Etimad ilinə həsr olunmuş beynəlxalq forum çərçivəsində keçirilən görüşdə tərəflər iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələri, müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə ediblər.
İrakli Kobaxidze Qazaxıstan Prezidentinə ikitərəfli münasibətləri daha da dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.
“Biz region ölkələri arasında əməkdaşlığa xüsusi önəm veririk. İqtisadi əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir.
Ölkələrimiz arasında sıx əlaqələr böyük potensiala malikdir və mövcud, böyük potensialdan maksimum istifadə etmək bizim maraqlarımıza uyğundur. Siz bu məsələyə xüsusi diqqət ayırırsınız və bu, ölkələrimiz arasındakı əməkdaşlığa da təsir göstərəcək”, – Kobaxidze qeyd edib.
Qazaxıstan Prezidenti görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini vurğulayıb.
“Biz Gürcüstana böyük qiymət veririk və bir çox istiqamətdə bizim üçün çox önəmli tərəfdaş hesab edirik. Gürcüstan böyük perspektivləri olan tərəfdaşdır və nəqliyyat və logistika sahəsində böyük potensiala malikdir. Məhz bu sahə indiki dövrdə hərəkətverici qüvvədir və digər sektorlara da böyük təsiri var. Gələcəkdə əməkdaşlığımız və tərəfdaşlığımız daha da inkişaf edəcək və bunun üçün kommunikasiya gücləndiriləcək. Bu, həm siyasi, həm də iqtisadi ölçüyə aiddir”, – Tokayev bildirib.