İrakli Kobaxidze Əbu-Dabi Limanları Qrupunun regional icraçı direktoru ilə strateji layihələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
İrakli Kobaxidze Əbu-Dabi Limanları Qrupunun regional icraçı direktoru ilə strateji layihələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Limanları Qrupunun regional icraçı direktoru Əbdüləziz Zayed əl-Şamsi ilə görüşüb. Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayır.

Mətbuat xidmətinin məlumatına görə, görüşdə Orta Dəhlizin nəqliyyat-logistika marşrutunun əhəmiyyəti və bu baxımdan Əbu-Dabi Limanları Qrupunun investisiyası ilə həyata keçirilən Tbilisi Quru Limanı layihəsinin rolu müzakirə olunub.

Tərəflər əməkdaşlığın daha da genişləndirilməsinə, o cümlədən strateji logistika-nəqliyyat layihələrində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

Qeyd edilib ki, uğurlu tərəfdaşlığa nümunə olaraq, ötən il fəaliyyətə başlayan və Gürcüstan, Türkiyə, Azərbaycan, Ermənistan və Qazaxıstanda həm dəniz, həm də quru limanları şəbəkəsindən istifadə edərək Qərbi Asiya istehsal mərkəzlərini Orta Dəhliz vasitəsilə Şərqi Avropa istehlak bazarları ilə birləşdirən Tbilisi Quru Limanını göstərmək olar.

Əbu-Dabi Limanları Qrupu Tbilisi Quru Limanında 60%-lik paya sahibdir və yeni logistika mərkəzini idarə edən əsas tərəfdaşdır. Şirkət hazırda Tbilisi Quru Limanı layihəsinə 16 milyon ABŞ dolları sərmayə qoyub və bu sərmayənin həcmi layihə inkişaf etdikcə artacaq.

Əbu-Dabi Limanları Qrupu dəniz və logistika sahəsində ən böyük oyunçulardan biridir və dünya səviyyəli limanları, logistika mərkəzlərini və sənaye zonalarını idarə edir. Şirkət Yaxın Şərqdə, Avropada, Asiyada və Afrikada fəaliyyət göstərir və 6 min nəfərdən çox işçisi var.

Görüşdə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edirdi.