İrakli Kobaxidze Daxili İşlər Naziri Sulxan Tamazaşvilini nazirliyin əməkdaşlarına təqdim edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni təyin olunmuş Daxili İşlər naziri Sulxan Tamazaşvilini nazirliyin əməkdaşlarına təqdim edib.
Hökumət başçısı sabiq Daxili İşlər naziri Qeka Qeladzeyə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və ona uğurlar arzulayıb.
“Cinayətkarlığa qarşı mübarizə sahəsində əsaslı dəyişikliklərə səbəb olan və təxminən bir il ərzində gördüyü möhtəşəm işə görə Qeka Qeladzeyə çox təşəkkür edirəm. Bu 11 ay Daxili İşlər Nazirliyi üçün olduqca uğurlu olub. Müxtəlif istiqamətlərdə bir çox problemlər olub və biz vəziyyəti kökündən dəyişə bildik. Cinayətkarlıq, narkotik cinayətləri və mütəşəkkil cinayətkarlıq baxımından problemlər mövcud olub. Bütün istiqamətlər üzrə çox nəzərəçarpan, fundamental nəticələr əldə etmişik. Ona və onun komandasına xüsusi təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Qeka Qeladze Dövlət Təhlükəsizliyi Xidmətində də bu dövrdə Daxili İşlər naziri vəzifəsində olduğu kimi uğurlu olacaq”, – Baş nazir qeyd edib.
İrakli Kobaxidzenin bildirdiyinə görə, Daxili İşlər Nazirliyi Sulxan Tamazaşvilinin timsalında çox layiqli bir rəhbərə sahib olacaq.
“Acara Muxtar Respublikasının hökumət başçısı vəzifəsində o, fundamental dəyişikliklərin həyata keçirilməsinə, idarəetmə sisteminin tənzimlənməsinə nail olub və bir çox yeni layihələrin əsasını qoyub. Bu o deməkdir ki, Sulxan Tamazaşvili təkcə Daxili İşlər Nazirliyi sisteminin nümayəndəsi kimi çox uğurlu deyil, həm də çoxşaxəli bir insandır. Bunun ifadəsi, Acara Muxtar Respublikasında qısa, lakin çox əsaslı fəaliyyət dövründə əldə etdiyi uğurlardır. Onun timsalında Gürcüstanın Daxili İşlər Nazirliyi çox dəyərli və layiqli bir rəhbərə sahib olacaq. Əminəm ki, son aylar ərzində əsası qoyulmuş yol böyük uğurla davam etdiriləcək və Sulxan Tamazaşvilinin gələcək fəaliyyəti Daxili İşlər Nazirliyinin gələcəkdə də çox böyük uğurlar qazanmasına zəmin yaradacaq”, – İrakli Kobaxidze bildirib.
Kobaxidze dövlətin gücündə və möhkəmliyində hüquq-mühafizə orqanlarının rolunu vurğulayıb və Daxili İşlər Nazirliyinin nümayəndələrinə ölkə qarşısında göstərdikləri xidmətə görə xüsusi təşəkkür edib.