İrakli Kobaxidze - Bu gün müxalifətin belə bir şüarı var - hər yerdə universitet, amma heç yerdə ali təhsil, onlar belə vəziyyəti saxlamaq istəyirlər, biz isə bunu istəmirik
Heç bir ölkənin inkişafı güclü təhsil sisteminə əsaslanmasa, dayanıqlı ola bilməz, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze POSTV-yə verdiyi müsahibədə bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstanda təhsil sahəsində 35 il ərzində pisləşən hər şey düzəldilməlidir.
“Əvvəlcə 90-cı illər vardı, bu dövr tamamilə hər sahəyə, xüsusilə təhsil sisteminə iz qoydu, ondan sonra isə keçmiş hakimiyyət dövrü başladı ki, burada artıq məqsədyönlü şəkildə, hakimiyyətin konkret addımları ilə təhsil sistemində çox şey pozuldu. Gürcüstanda 64 universitet fəaliyyət göstərir və bu statistik göstərici öz-özlüyündə hər şeydən xəbər verir. Bu gün müxalifətin şüarı belədir – hər yerdə universitet, amma heç yerdə ali təhsil. Onlar belə vəziyyəti saxlamaq istəyirlər. Biz isə bunu istəmirik. İnfrastruktur baxımından çox böyük problemlər var, kadr baxımından ciddi problemlər var, tədrisin məzmunu baxımından ciddi problemlər var, dərsliklər baxımından ciddi problemlər var. Əlbəttə ki, bu, dəyişdirilməlidir və bir daha əsas məqsəd gürcü gənclərinin uyğun mühitdə müvafiq keyfiyyətli ali təhsil almasıdır”, – İrakli Kobaxidze bildirib.