Debat, yəni həqiqət haqqında müzakirə demokratiyanın ən əsas dayaqlarından biridir. Debat cəmiyyətə fərqli düşüncəyə malik insanların baxışlarını dinləmək və təhlil etmək, dəyərlərinə, baxışlarına və ehtiyaclarına daha yaxın hesab etdiyi mövqenin xeyrinə seçim etmək imkanı yaradır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazıb.
Kobaxidzenin sözlərinə görə, məhz bu cür dayaqlar üzərində həqiqi demokratik dövlətin – xalq hakimiyyətinin əsasları formalaşıb.
“Debatlar əsrlər boyu müxtəlif formalarda mövcud olub – xalq yığıncaqlarında keçirilən ‘müzakirə meydanları’ndan tutmuş televiziya debatlarına qədər. Lakin onların məqsədi həmişə eyni olub: yalnız və yalnız cəmiyyətin əksəriyyəti öz dəyərlərinə, baxışlarına və tələblərinə daha yaxın olan mövqeni seçib qərar verməli idi.
Debat mədəniyyəti Avropa sivilizasiyasının seçilən xüsusiyyətlərindən biri olduğuna görə, demokratiyanın bu alternativsiz dayağı ən çox və ən yüksək səviyyədə məhz Avropa qitəsində, Avropa ölkələrində inkişaf edib. Debatlar ictimai həyatın bütün sahələrində və bütün mövzularda – siyasət, biznes, ətraf mühitin mühafizəsi, mədəniyyət, idman və digər sahələrdə keçirilirdi. Bu yolla əhali istənilən çağırış və ya nailiyyət barədə maksimum dərəcədə məlumatlandırılırdı ki, bu da nəticədə insanlara düzgün seçim etmək imkanı verirdi.
Təəssüf ki, Avropa qitəsində 2008-ci ildən sonra vəziyyət tədricən pisləşməyə başladı ki, bu da Avropa siyasətində ‘dərin dövlətin’, yəni qeyri-formal oliqarxik idarəetmənin təsirinin artması ilə birbaşa bağlıdır. Avropa İttifaqının və ayrı-ayrı Avropa dövlətlərinin suverenliyinin kəskin zəifləməsi, Avropa demokratiyasının sürətli geriləməsi prosesi başladıqdan, Avropada agentura idarəçiliyi və psevdoliberal dəyərlər dərin kök saldıqdan sonra qeyri-formal idarəçilər LGBT və gender identikliyi məsələləri, ‘yaşıl siyasət’ və digər bu kimi süni problemlər yaratdılar və sonra da cəmiyyətə həmin uydurma problemlərin ‘həll yollarını’ təqdim etdilər. Bu prosesdə xalqın seçim imkanı əlindən alındı, diqqət real problemlərdən uydurma və absurd mövzulara yönəldildi və nəticədə Avropa siyasəti demokratiyanın ən vacib dayaqlarından biri olan sağlam debatları tamamilə itirdi.
Qeyri-formal idarəçilər Avropa ölkələrini tabe etdirmək üçün silah əvəzinə ‘yumşaq metodlardan’ – insanların şüuruna ideoloji və informasiya təzyiqindən istifadə edirlər. Sağlam debatlar, vəziyyətin açıq tənqidi və təhlili isə bu məqsədlərə birbaşa ziddir. Buna görə də bu ‘problemin’ həllinə çox vaxt, resurs və enerji sərf edilib. Xüsusilə 2020-ci ildən etibarən aparıcı Avropa kütləvi informasiya vasitələrində bir-birinin ardınca məşhur, reytinqli və populyar debat proqramları bağlandı və bununla da ictimai həyatdan müzakirə və fərqli fikirləri dinləmək imkanı yoxa çıxdı”, – deyə Kobaxidze yazır.
Baş nazirin sözlərinə görə, Avropa demokratiyasını məhv etmək məqsədilə qeyri-formal idarəçilər fərqli fikirləri uğurla boğub və bu fikirlərin ifadə edilib cəmiyyətə çatdırıldığı ən vacib platformaları bağlayıblar.
“Təəssüf ki, fərqli fikirlərin boğulması, debat üçün istənilən məkanın məhv edilməsi və onların ideologiyasını ifşa edən bütün ictimai platformaların maksimum dərəcədə məhdudlaşdırılması planı qismən Gürcüstana da sirayət etdi. Lakin bir fərqlə ki, ‘dərin dövlətin’ agenturası ölkədə siyasi, iqtisadi və sosial debatların uzunillik mədəniyyətini dayandıra bildi. Bu tapşırığın əsas icraçısına Nika Qvaramia çevrildi. Onun himayədarları mübahisələr zamanı cəmiyyətin asanlıqla yalanla həqiqəti ayırd edə bildiyini anlayanda, mediaya bu sahə üçün tamamilə yad bir fiqur olan Qvaramiyanı gətirdilər və ona konkret tapşırıq verdilər – tam radikallaşmanı təmin etmək.
Qvaramia bu tapşırığı uğurla yerinə yetirdi – o, mediada yalanı, təhqiri, söyüşü, böhtanı və isteriyanı standart halına gətirdi və nəticədə elə toksik media mühiti yaratdı ki, normal, sağlam insan artıq sonda təhqirlə bitən bu cür mübahisələrdə iştirak etmək istəmir. Öz növbəsində, bu vəziyyət cəmiyyəti parçalayaraq onu demokratiyanın əsas prinsipindən – fərqli mövqeləri dinləmək və öz baxışına uyğun seçim etmək hüququndan məhrum etdi. Bu gün bir tərəfdən jurnalistika ilə heç bir əlaqəsi olmayan, tam marjinallaşmış partiya qolu, digər tərəfdən isə yaranmış vəziyyət səbəbindən öz funksiyasını yerinə yetirməklə yanaşı, daimi rejimdə qarşı tərəfdən gələn dezinformasiya selinə cavab verməyə məcbur olan media görürük.
Süni şəkildə yaradılmış qarşıdurmalı və parçalanmış mühitin məqsədləri, icraçıları və vəzifələri aydın olduğu üçün biz bu qeyri-sağlam vəziyyəti düzəltməyə borcluyuq; gürcü xalqına demokratiyanın əsas prinsiplərindən biri olan debatlarda iştirak etmək hüququnu geri qaytarmalı və qeyri-formal qüvvələrə və onların ‘gürcü’ agenturasına öz gündəliklərini bizə sırımağa imkan verməməliyik. Gələcəkdə gürcü xalqının istənilən seçimi düzgün təhlil əsasında etməsi üçün ona hakimiyyət iddiası olan bütün siyasi qrupların mövqelərini açıq şəkildə dinləmək imkanı verməliyik. Biz ictimai müzakirəni yenidən ictimai həyata qaytarmalıyıq ki, bu da tam funksional demokratiya üçün həyati əhəmiyyət daşıyır”, – deyə İrakli Kobaxidze yazır.