İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alan Berse ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alan Berse ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında, BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşdə hökumət başçısının Alan Berseni Avropa Şurasının baş katibi seçilməsi münasibətilə təbrik etdiyi və ona uğurlar arzuladığı deyilir.
Onların məlumatında, Gürcüstan ilə Avropa Şurasının məhsuldar əməkdaşlığına, islahatların həyata keçirilməsinə və ölkənin Avropaya inteqrasiya yolunda qurumun mühüm töhfəsinə toxunulduğu deyilir.
“İşğal olunmuş ərazilərdə mövcud vəziyyətə və Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli istiqamətində siyasətinə, eləcə də fəaliyyətdə olan beynəlxalq mexanizmlərin səmərəliliyinin yaxşılaşdırılmasının əhəmiyyətinə diqqət yetirilib.
Həmçinin, görüşdə beynəlxalq ictimaiyyətin qarşısında duran, o cümlədən təhlükəsizlik baxımından çağırışları müzakirə ediblər. Onların öhdəsindən gəlinməsi prosesində birgə səylərin zəruriliyi vurğulanıb və sülhün alternativinin olmadığı qeyd edilib” – Gürcüstan hökumətinin məlumatında deyilir.