İrakli Kobaxidze - Avropa İttifaqı səfirinin gürcü xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələməsi ağlasığmazdır və bu, öz-özlüyündə səfirin ağır vəziyyətindən xəbər verir
İrakli Kobaxidze - Avropa İttifaqı səfirinin gürcü xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələməsi ağlasığmazdır və bu, öz-özlüyündə səfirin ağır vəziyyətindən xəbər verir

Avropa İttifaqı səfirinin gürcü xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələməsi ağlasığmazdır, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqının səfiri gürcü xalqına qarşı hədə-qorxu ilə çıxış etmək məcburiyyətində qaldığı üçün faciəvi vəziyyətdədir.

“Bu bəyanatı qiymətləndirmək belə mənim üçün çətindir. Avropa İttifaqının səfirinin gürcü xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələməsi, sadəcə, ağlasığmazdır. Bunu qiymətləndirmək mümkün deyil. Mən bir daha vurğulayıram ki, cənab səfir, təəssüf ki, gürcü xalqına qarşı bu cür hədə-qorxu ilə çıxış etmək məcburiyyətində qaldığı üçün faciəvi vəziyyətdədir; bu, özlüyündə onun ağır vəziyyətdə olduğundan xəbər verir”, – deyə İrakli Kobaxidze bildirib.

Bir neçə gürcü media orqanı Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətində keçirilən tədbirdə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin verdiyi bəyanatı yayıb. Bəyanatda deyilir: “Gürcüstan yol ayrıcındadır, ölkənin gələcəyi hələ yazılmayıb. Lakin qarşıdakı həftələrdə və aylarda veriləcək qərarlar Gürcüstanın demokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslanan Avropa ölkələri ailəsinin bir hissəsi olub-olmayacağını, yoxsa təəssüf ki, öz qaranlıq keçmişinə qayıdıb-qayıtmayacağını müəyyən edəcək”. Bununla yanaşı, Herçinski qeyd edib: “Biz Gürcüstanın və gözəl, qonaqpərvər gürcü xalqının zorakılıq, vətəndaş müharibəsi, yoxsulluq, çətinliklər və korrupsiyanın qaranlıq dövrlərinə qayıtmasına imkan verməməliyik”.