İrakli Kobaxidze Avropa Cüdo İttifaqının prezidenti ilə gələn il Tbilisidə keçiriləcək cüdo üzrə Avropa çempionatının planlarını müzakirə edib
Gürcüstan 2026-cı ildə cüdo üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Turnirin keçirilməsi ilə bağlı təfərrüatları Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Cüdo İttifaqının prezidenti Laslo Tot ilə görüşündə müzakirə edib.
Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti Avropa Cüdo İttifaqı ilə əməkdaşlığı daha da inkişaf etdirmək və cüdo üzrə Avropa çempionatının yüksək səviyyədə keçirilməsini təmin etmək üçün mümkün qədər töhfə verəcək.
2026-cı ildə cüdo üzrə Avropa çempionatının Gürcüstanda keçirilməsi ilə bağlı müqavilə bu gün imzalanıb. Sənədi idman naziri Şalva Qoqoladze, Avropa Cüdo İttifaqının prezidenti Laslo Tot və Cüdo Federasiyasının prezidenti Levan Nozadze imzalayıblar.
Gələn il aprelin 23-26-da Tbilisidə keçiriləcək Qitə birinciliyində Avropanın bir çox məşhur cüdoçuları mübarizə aparacaq.
Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.