İrakli Kobaxidze ABŞ və Macarıstanda yeni təyin olunmuş səfirlər, həmçinin Avropa Şurasında Gürcüstanın yeni daimi nümayəndəsi ilə görüşüb
İrakli Kobaxidze ABŞ və Macarıstanda yeni təyin olunmuş səfirlər, həmçinin Avropa Şurasında Gürcüstanın yeni daimi nümayəndəsi ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ və Macarıstanda yeni təyin olunmuş səfirlər, həmçinin Avropa Şurasında Gürcüstanın yeni daimi nümayəndəsi ilə görüşüb. Bu barədə Gürcüstan hökuməti məlumat yayır.

ABŞ-da Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Tamar Taliaşvili, Macarıstanda – Nikoloz Laliaşvili, Avropa Şurasında isə Gürcüstanın daimi nümayəndəsi vəzifəsinə Xatia Tsilosani təyin olunub.

“Hökumət Administrasiyasında keçirilən görüşdə Baş nazir diplomatları missiyalarının başlaması münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Tamar Taliaşvilinin diplomatik xidmətdə, dövlət sektorunda və akademik fəaliyyətdə çoxillik təcrübəsi var. O, 2022-ci ildən bu günə qədər Avropa Şurasında Gürcüstanın daimi nümayəndəsi vəzifəsini tuturdu. Ona fövqəladə və səlahiyyətli səfirin diplomatik rütbəsi verilib. Tamar Taliaşvili Gürcüstan Parlamentinin və paytaxtın şəhər sakrebulosunun üzvü olub.

Nikoloz Laliaşvili Gürcüstanın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tuturdu. Onun dövlət sektorunda uzunillik iş təcrübəsi var. O, o cümlədən Gürcüstanın Müdafiə Nazirliyində və Təhlükəsizlik Şurasında çalışırdı, həmçinin parlamentin üzvü olub.

Xatia Tsilosani Gürcüstan parlamentinin üzvü olub, beynəlxalq təşkilatlarda iş təcrübəsinə malikdir. O, müxtəlif illərdə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində aparıcı vəzifələrdə çalışıb, o cümlədən nazir müavini olub”, – hökumətin yaydığı məlumatda deyilib.