İrakli Çikovani Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşüb
İrakli Çikovani Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşüb

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru, general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, generalı Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, müdafiə attaşesi polkovnik İlhan Öktendural və missiya rəhbərinin müavini, birinci müşaviri Melike Yılmaz Yoskiper müşayiət ediblər.

“Türkiyə Cümhuriyyətinin nümayəndələri Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında baş vermiş təyyarə qəzasının axtarış-xilasetmə əməliyyatlarına operativ reaksiya və göstərdiyi dəstəyə görə gürcü tərəfinə təşəkkür ediblər.

General-leytenant Yaşar Kadıoğlu Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğramasından sonra Gürcüstana gələrək Türkiyə tərəfinin apardığı işlərə nəzarət edirdi.

İrakli Çikovani Türkiyənin hərbi-hava qüvvələrinin hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı bir daha dərin kədərini ifadə edib.

Görüşdə Müdafiə Qüvvələrinin komandiri general-leytenant Qiorqi Matiaşvili, nazirin birinci müavini Paata Patiaşvili və Müdafiə Qüvvələri komandirinin müavini general-mayor Zaza Çxaidze iştirak ediblər.

Türk hərbi təyyarəsi 11 noyabr tarixində Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub”, – Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda deyilib.