İrakli Çikovani Gürcüstanda səfərdə olan Ermənistanın müdafiə naziri ilə görüşüb
Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstanda səfərdədir. Gürcüstanın müdafiə naziri İrakli Çikovani həmkarına ev sahibliyi edir. Bu barədə məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirləri təkbətək görüş keçiriblər.
“Nazirlər qonşu ölkələr arasında dostluq münasibətlərinin, bölgədə sülhün və sabitliyin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, cari ilin yanvarında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın güclənməsinə töhfə verəcək.
Geniş tərkibdə keçirilən görüşdə tərəflər Gürcüstan və Ermənistanın müdafiə qurumları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan istiqamətləri müzakirə ediblər. Sözügedən sənəd Gürcüstanın müdafiə nazirinin bu il Ermənistana səfəri çərçivəsində imzalanıb. Görüşdə müdafiə nazirinin müavini Paata Patiaşvili, Müdafiə Qüvvələri komandanının müavinləri – general-mayor Coni Tatunaşvili və briqada generalı İrakli Cicinadze, eləcə də Ermənistan və Gürcüstanın səfirləri iştirak ediblər.
Görüş başa çatdıqdan sonra Ermənistanın müdafiə naziri Qəhrəmanlar Memorialında Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan döyüşçülərin xatirəsini ehtiramla yad edib.
Səfər çərçivəsində Ermənistanın müdafiə nazirinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü planlaşdırılıb” – Müdafiə Nazirliyinin məlumatında deyilir.