İrakli Ğaribaşviliyə qanunsuz gəlirin leqallaşdırılması ittiham irəli sürülüb, prokurorluq isə qətimkan tədbiri olaraq bir milyon lari girov tələb edir
İrakli Ğaribaşviliyə qanunsuz gəlirin leqallaşdırılması ittiham irəli sürülüb, prokurorluq isə qətimkan tədbiri olaraq bir milyon lari girov tələb edir

Gürcüstan Prokurorluğu Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşviliyə ittiham irəli sürüb, prokurorluq isə qətimkan tədbiri olaraq bir milyon lari girov tələb edir. Bu barədə Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə Baş prokuror Qiorqi Qvarakidze bildirib.

Məsələ xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması faktı ilə bağlıdır.

“Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Departamentinin keçirdiyi istintaqla müəyyən edilib ki, 2019-2024-cü illərdə Gürcüstanın Müdafiə naziri və Baş naziri vəzifələrini tutmuş İrakli Ğaribaşvili, dövlət-siyasi vəzifə sahibi olaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Gürcüstan qanunundan irəli gələn qaydalar üzrə hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vəzifə gəlirindən əlavə başqa ödəniş almaq qadağan olunmuşdu. Buna baxmayaraq, vəzifədə olduğu müddət ərzində İrakli Qaribaşvili gizli və maskalanmış şəkildə müxtəlif növ biznes fəaliyyətlərini həyata keçirirdi və xüsusilə böyük məbləğdə qeyri-qanuni gəlirlər əldə edirdi. Vəzifəli şəxs olaraq onun həm gəlirlərini, həm də çəkdiyi xərcləri bəyan etmək öhdəliyi vardı. 

Yuxarıda qeyd olunan qeyri-qanuni gəlirlərin leqallaşdırılması məqsədilə, vəzifəli şəxsin maddi vəziyyəti barədə təqdim etdiyi bəyanatlarda saxta göstəricilər göstərirdi, guya hər il ailə üzvündən hədiyyə olaraq böyük məbləğdə vəsait alırdı. Bu yolla, o, özəl biznesdə qeyri-qanuni iştirakı nəticəsində əldə etdiyi xüsusilə böyük məbləğin – 830 000 lari – bir hissəsinin mənşəyini süni şəkildə yaratmış və onu qanuni dövriyyəyə daxil etmişdir.

Qeyd olunanla yanaşı, əsaslandırılmamış əmlaka qanuni görünüş vermək məqsədilə İrakli Qaribaşvili 2023–2024-cü illərdə ümumi dəyəri 463 630 lari olan iki avtomobil alıb və onları onunla əlaqəli şəxsin adına qeydiyyatdan keçirib. Həmçinin, ailə üzvü vasitəsilə 210 000 lari dəyərində daşınmaz əmlaka sahib olan bir şirkətin 100%-lik payını alıb.

Paralel olaraq, onun ailə üzvünün adına qeydiyyatdan keçmiş MMC-yə ümumilikdə 3 670 172 lari investisiya edilib.

Eyni zamanda, əsaslandırılmamış məbləğin əsas hissəsini onun əsl təbiətini və mənşəyini gizlətmək məqsədilə xarici valyutaya çevirib və nəticədə əldə olunmuş 6 500 000 ABŞ dolları 2025-ci ilin oktyabrın 17-də Ğaribaşvilinin mənzilində aparılan axtarış zamanı aşkarlanıb götürülüb.

Yuxarıda qeyd olunan əməllərə görə, İrakli Ğaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsinin “q” bəndi ilə ittiham irəli sürülüb, bu da qanunsuz gəlirin leqallaşdırılmasını nəzərdə tutur və xüsusilə böyük miqdarda gəlir əldə edilməsini əhatə edir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi 1 milyon lari məbləğində girovun tətbiq edilməsi barədə məhkəməyə vəsatət verəcək; girovun təminatı həm nağd pul, həm də daşınmaz əmlakla təmin oluna bilər.

Təqsirləndirilən şəxs üçün qətimkan tədbiri ilə yanaşı, prokurorluq əlavə öhdəliklərin qoyulmasını da tələb edir, məsələn, Gürcüstan vətəndaşının pasportunun hüquq-mühafizə orqanlarına təhvil verilməsi və ölkəni tərk etməsinin qadağan edilməsi. Cinayət işi üzrə istintaq davam edir”, – Qiorqi Qvarakidze bildirib.

Məlumat üçün bildirək ki, oktyabrın 17-də İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarış aparılıb. Prokurorluğun bildirdiyinə görə, müxtəlif elektron qurğular, sənədlər və külli miqdarda pul götürülüb.

22 oktyabrda Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib ki, Korrupsiyaya Qarşı Mübarizə Agentliyində sabiq baş nazir İrakli Ğaribaşvili dindirilib, o, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Xatırladaq ki, İrakli Ğaribaşvili baş nazir vəzifəsini ilk dəfə 2013–2015-ci illərdə tuturdu. 2015-ci ilin dekabrın 30-da o, vəzifəsini tərk edib və 2019-cu ildə hökumətə müdafiə naziri kimi qayıdıb. İki il sonra, 2021-ci ilin fevral ayında Gürcüstan Parlamenti onu baş nazir vəzifəsinə təsdiqləyib, 2024-cü ilin yanvarın 29-da isə baş nazir vəzifəsindən ayrılıb.