İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partxaladze və daha səkkiz nəfərin evlərində axtarış aparılıb, axtarış zamanı müxtəlif elektron qurğular, sənədlər və külli miqdarda pul vəsaiti götürülüb
İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partxaladze və daha səkkiz nəfərin evlərində axtarış aparılıb, – bu barədə Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə baş prokuror Qiorqi Qvarakidze bildirib.
Onun dediyinə görə, axtarış zamanı müxtəlif elektron qurğular, sənədlər və külli miqdarda pul vəsaiti götürülüb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Təhlükəsizliyi İdarələrində başlanmış müxtəlif cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində bu gün səhər saat 10:00-dan etibarən ölkə miqyasında 22 məntəqədə eyni vaxtda genişmiqyaslı tədbir keçirilib. Birgə tədbir çərçivəsində Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili, sabiq baş prokuror Otar Partxaladze və onlarla əlaqəli ümumilikdə səkkiz şəxsin mənzillərində, evlərində və şəxsi əşyalarında axtarış aparılıb.
Axtarış zamanı müxtəlif elektron qurğular, sənədlər və külli miqdarda pul vəsaiti götürülüb. Qeyd olunan işlərlə bağlı aktiv şəkildə istintaq, prosesual və əməliyyat-axtarış tədbirləri həyata keçirilir”, – Qiorqi Qvarakidze bildirib.