İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və digər beş şəxsin evlərində axtarış zamanı, dəyərli əşyalar və sənədlərlə yanaşı, 7 002 200 ABŞ dolları və 136 000 lari götürülüb
İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və digər beş şəxsin evlərində axtarış zamanı, dəyərli əşyalar və sənədlərlə yanaşı, ümumilikdə 7 002 200 ABŞ dolları və 136 000 ları miqdarında nağd pul götürülüb, – bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.
Brifinqdə qeyd edildiyi kimi, axtarış zamanı nağd pulla yanaşı, 198 ədəd qiymətli əşya və saat, bahalı rəsm əsərləri, həmçinin bir neçə min vərəq sənəd götürülüb.
“Yüksək ictimai maraq nəzərə alınaraq, ictimaiyyətə dünən keçirilmiş kompleks tədbir barədə əlavə məlumat verəcəyik.
Artıq sizə məlum olduğu kimi, dünən saat 10:00-dan etibarən bütün ölkə miqyasında 24 mənzil və yaşayış evində axtarış aparılıb. Həmçinin şəxsi axtarışlar da həyata keçirilib. Tədbir həm Tbilisidə, həm də Dedoplistskaro, Vani, Çoxatauri və Borcomi rayonlarında keçirilib. İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze, Romeo Mikautadze, Mixeil Çoxeli, Vano və Tornike Parkaulilər, Andria (yəni Sandro) Liluaşvili və onların ailə üzvlərinin yaşayış evlərində axtarış keçirilib. Bu tədbirdə Gürcüstan Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin təxminən 230 əməkdaşı iştirak edirdi.
Nəticədə, müxtəlif yerlərdən 7 002 200 ABŞ dolları və 136 000 lari məbləğində nağd pul, 198 ədəd qiymətli əşya və saat, bahalı rəsmlər, minlərlə vərəqdən ibarət sənədlər, 50 ədəd mobil telefon və 119 ədəd elektrik cihazı götürülüb.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Baş Prokurorluğunun istintaq şöbəsinin əməkdaşları tərəfindən adıçəkilən sənədlər və elektron cihazlarda mövcud məlumatların intensiv şəkildə öyrənilməsi və işlənməsi həyata keçirilir. Həmçinin, götürülmüş nağd pulun əsl mənşəyi müəyyən edildikdən sonra, işlənmiş məlumatlara əsasən növbəti istintaq və əməliyyat hərəkətləri planlaşdırılacaq və müvafiq şəxslərə qarşı hüquqi tədbirlər görüləcək”, – brifinqdə bildiriblər.