İmmiqrasiya xidməti ABŞ-də olan və “Yaşıl Kart” almaq istəyən xarici ölkə vətəndaşlarını müraciət etmək üçün öz ölkələrinə qayıtmağa çağırır
ABŞ ölkədə olan və “Yaşıl Kart” almaq istəyən xarici ölkə vətəndaşlarını müraciət etmək üçün öz ölkələrinə qayıtmağa çağırır. Bu barədə “Reuters” ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə istinadən məlumat yayır.
Medianın məlumatına görə, ABŞ-də öz immiqrasiya statusunu dəyişməyə çalışan əcnəbilər “yaşıl kart” almaq üçün müraciəti ABŞ-dən kənarda, öz ölkələrində Dövlət Departamenti vasitəsilə etməli olacaqlar.
“ABŞ-da müvəqqəti yaşayan və “yaşıl kart” almaq istəyən əcnəbi müraciət etmək üçün öz ölkəsinə qayıtmalıdır”, – ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə nəzarət edən ABŞ Daxili Təhlükəsizlik Departamenti bəyan edib.
ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri tərəfindən qəbul edilən yeni qayda xüsusi hallarda istisnalara imkan verir. Zabitlər hər bir işə fərdi qaydada baxmalı və müstəsna icazənin verilməsinin əsaslı olub-olmadığını müəyyən etməlidirlər.
ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətində bildirirlər ki, yeni siyasət agentliyin resurslarını digər işlərə diqqət yetirmək üçün azad edəcək.
“Reuters”in məlumatına görə, “Yəhudi İmmiqrantlara Yardım Cəmiyyəti” bu addımı tənqid edib. Təşkilatın bildirdiyinə görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti insan alveri qurbanlarını, zorakılıqdan zərər çəkmiş və baxımsız qalmış uşaqları “yaşıl kart” almaq üçün müraciət etmək və ABŞ-da daimi yaşayış icazəsi əldə etmək məqsədilə qaçdıqları həmin təhlükəli ölkələrə qayıtmağa məcbur edir.
Medianın məlumatına görə, siyasət dəyişikliyi ABŞ-da miqrasiyanın sərtləşdirilməsinə xidmət edir. Ötən il ABŞ Prezidenti Donald Trampın administrasiyası tələbələr, mədəni mübadilə proqramlarının iştirakçıları və media nümayəndələri üçün vizaların etibarlılıq müddətini azaltmağa qərar verib. Cari ilin yanvar ayında Dövlət Departamenti Donald Trampın hakimiyyətə qayıtmasından bəri 100 mindən çox vizanın ləğv edildiyini bildirib.