İlia Darçiaşvili Malayziya Parlamentinin Yuxarı Palatasının vitse-prezidenti ilə görüşüb
İlia Darçiaşvili Malayziya Parlamentinin Yuxarı Palatasının vitse-prezidenti ilə görüşüb

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Malayziya Parlamentinin Yuxarı Palatasının (Senat) vitse-prezidenti Datuk Nur Cazlan Bin Tar Sri Mohamed və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər iki ölkə arasında münasibətlərin aktual məsələlərini və əməkdaşlığın gələcək prioritet istiqamətlərini müzakirə ediblər. İqtisadiyyat, ticarət, turizm, təhsil və xalqlar arasında əlaqələr sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

“Görüş zamanı İlia Darçiaşvili Malayziya tərəfinə Gürcüstanın iqtisadi potensialı, investisiya mühiti, eləcə də nəqliyyat və logistika sahəsində imkanları haqda məlumat verib. Malayziya nümayəndə heyətinin rəhbəri ölkəsinin Gürcüstan ilə müxtəlif sahələrdə nəticəyönümlü əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyib.

Ölkələr arasında siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti və Gürcüstan vətəndaşları üçün Malayziya ilə viza rejiminin sonrakı liberallaşdırılması imkanları vurğulanıb” – Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, İlia Darçiaşvili Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyinə görə Malayziya tərəfinə təşəkkür edib.