İlia Darçiaşvili fransız həmkarı ilə görüşüb
İlia Darçiaşvili fransız həmkarı ilə görüşüb

 

27-ci Ətraf Mühit və İqlim Dəyişikliyi Konfransı çərçivəsində xarici işlər naziri İlia Darçiaşvili Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Şarm-əl-Şeyxdə keçirilən görüşdə Gürcüstan və Fransa arasında qurulmuş sıx əlaqələr və Dimitri Amilaxvari adına fransız-gürcü siyasi dialoqu formatı ilə dəstəklənən səmərəli əməkdaşlıq yüksək qiymətləndirilib. İdarədən verilən məlumatda ikitərəfli münasibətlərin inkişafı baxımından adıçəkilən formatın böyük potensialının vurğulandığı deyilir.

“Görüşdə Fransa prezidentinin təşəbbüsü ilə keçirilən Avropa Siyasi Birliyinin iclasında Gürcüstanın iştirakı məmnunluqla qeyd olunub. Tərəflər regiondakı cari hadisələr və təhlükəsizlik baxımından yaranmış çağırışlardan danışıblar. İlia Darçiaşvili Katrin Kolonnaya Gürcüstanın işğal olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı məlumat verib.

XİN rəhbəri Fransanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə fransız həmkarına təşəkkür edib. Qeyd etmək lazımdır ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Misir Ərəb Respublikasında, Şarm əl-Şeyxdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında iştirak edir.

Hökumət başçısı xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidzenin də daxil olduğu nümayəndə heyəti ilə birlikdə Misir Ərəb Respublikasındadır” – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.