İlham Əliyev Zurab Pololikaşvilini qəbul edib
İlham Əliyev Zurab Pololikaşvilini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.

Prezident İlham Əliyev Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona işində uğurlar arzuladı. Dövlət başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin Azərbaycana səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf etdiyi, Bakıda və regionlarda turizmin inkişafı üçün yüksək səviyyədə infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.