İlham Əliyev Donald Trampa ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib – “Cənubi Qafqazda sülh və inkişafın təmin olunması istiqamətindəki səylərinizi qiymətləndiririk”
Azərbaycan və Ermənistan hazırda sülh şəraitində yaşayır və ticarət əlaqələri qururlar, – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda qeyd olunub.
Əliyevin sözlərinə görə, Azərbaycan Trampın Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və davamlı inkişafın təmin edilməsi üçün məqsədyönlü səylərini qiymətləndirir.
“Ötən ilin avqustun 8-də sizin təşəbbüsünüzlə Ağ Evdə keçirilən tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni, müsbət atmosfer və vəziyyət yaratdı. Eyni zamanda, sizin ölkənizin regiona sabitlik və rifah gətirən infrastruktur layihələrinin icrasına, xüsusən də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edən “Tramp Beynəlxalq Sülh və Rifah Dəhlizi”nə göstərdiyi daimi dəstəyi xüsusi ilə qeyd etmək istəyirəm“, – Əliyevin məktubunda qeyd olunub.