İlham Əliyev ABŞ-da keçirilən Azərbaycan-Ermənistan “Sülh Sammiti”nin ildönümü ilə əlaqədar Donald Trampa məktubla müraciət edib

10:28, 09.08.2026

Bir il əvvəl tarixi məsuliyyət üzərinizə götürərək, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yolunda dönüş nöqtəsi yaratdınız, – bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda qeyd olunub.

Əliyev Trampa məktubu 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan “Sülh Sammiti”nin birinci ildönümü ilə əlaqədar göndərib.

Məktubda deyildiyi kimi, bir il əvvəl əldə olunmuş razılaşma Azərbaycan və Ermənistan arasında sülhün təməlini qoydu və bununla da otuz il davam edən münaqişəyə son qoyuldu.

“Sizin hüzurunuzda Ağ Evdə imzalanmış üçtərəfli birgə bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş, həmçinin ATƏT-in Minsk qrupunun ləğv edilməsinə dair birgə çağırış regionda davamlı sülh və sabitliyin təmin olunmasında, sülh, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlığın perspektivli yeni səhifəsinin açılmasında həlledici rol oynadı. Eyni zamanda, sülh quruculuğu səylərinizin ən vacib nəticələrindən biri olan TRIPP layihəsi çoxtərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək, regional nəqliyyat əlaqəsini gücləndirmək və Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin etmək üçün böyük potensiala malikdir”, – məktubda qeyd olunub.

Bununla yanaşı, Əliyevin qiymətləndirməsinə görə, ötən ilin avqust ayında Vaşinqtonda keçirilən görüş də Azərbaycan-Amerika ikitərəfli münasibətlərində tarixi əhəmiyyət kəsb edib.

“Məhz bu görüş nəticəsində dövlətlərarası münasibətlərimiz strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələsinə keçdi. Altı ay sonra vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri və bu səfər zamanı qarşılıqlı investisiyalar, ticarət, energetika, rabitə, nəqliyyat, süni intellekt və təhlükəsizlik kimi sahələri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, son bir il ərzində əldə olunmuş yüksək səviyyəli təmaslar və razılaşmalarla yanaşı, belə qısa müddətdə əldə edilən möhtəşəm tərəqqinin və sizin Azərbaycan-Amerika münasibətlərinin gələcək inkişafına verdiyiniz əhəmiyyətin sübutudur”, – deyə Əliyev məktubda qeyd edib.

ABŞ-da Azərbaycan və Ermənistan arasında imzalanan sülh bəyannaməsinin ildönümü ilə əlaqədar ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqları keçirib.

Oxşar