İlham Əliyev Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 10-dan artıq ölkədən qaz həcminin artırılması və ya qazın nəqlinə başlanılması ilə bağlı Azərbaycana müraciətlər edildiyini bildirir
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 10-dan artıq ölkədən qaz həcminin artırılması və ya qazın nəqlinə başlanılması ilə bağlı Azərbaycana müraciət edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı açıqlayıb.
“Hazırda biz bu müraciətləri nəzərdən keçiririk. Hazırda bizdə bütün tələbatı ödəmək üçün kifayət qədər qaz yoxdur. Bu səbəbdən biz dərhal, əsasən, artıq Azərbaycandan qaz alan ölkələrlə kommersiya danışıqlarına başlamalıyıq. Çünki boru kəmərləri artıq fəaliyyətdədir və zəruri hüquqi baza mövcuddur”- deyə Əliyev bildirib.
Azərbaycan Prezidenti qaz təchizatı coğrafiyasının genişləndirilməsi planından danışıb.
“Biz interkonnektorların inşası ilə bağlı Avropanın təşəbbüslərini tam dəstəkləyirik. Onlardan birinin, Yunanıstan və Bolqarıstan arasında tikintisinin təməli mənim də iştirakımla oktyabrın sonunda Sofiyada qoyuldu. İkincisi, Bolqarıstan və Serbiya arasındadır ki, o, gələn il hazır olacaq. Biz, həmçinin Albaniya hökuməti ilə bu ölkədə qaz paylayıcı şəbəkəsinə sərmayə qoyuluşu üzərində fəal çalışırıq. Çünki Albaniyada belə bir şəbəkə mövcud deyil. Albaniya sadəcə tranzit ölkəsidir. Lakin onların da daxili tələbatı ödəmək üçün qaza ehtiyacı var. Bundan başqa, üç Balkan ölkəsini əhatə edəcək İon-Adriatik boru kəmərinin tikintisi layihəsi var. Bunun üçün bütün iştirakçıların prosesə qoşulmasına ehtiyac var ki, bu istiqamətdə lazımi addımlar atılsın”- deyə Azərbaycan Prezidenti açıqlayıb.