İlham Əliyev - Fransa sülh prosesində iştirak edə bilməz, bu bizim deyil, onların günahıdır, bu səbəbdən Emmanuel Makron və Şarl Mişelin iştirakı ilə 7 dekabr görüşü baş tutmayacaq
İlham Əliyev - Fransa sülh prosesində iştirak edə bilməz, bu bizim deyil, onların günahıdır, bu səbəbdən Emmanuel Makron və Şarl Mişelin iştirakı ilə 7 dekabr görüşü baş tutmayacaq

 

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Bakı ilə Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməyəcəyini, bu səbəbdən dekabrın 7-də Brüsseldə Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilməsi nəzərdə tutulan dördtərəfli görüşün keçirilməyəcəyini bildirib.

Bu barədə İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı açıqlayıb.

Azərbaycan lideri Praqadakı görüşdən bir həftə sonra Emmanuel Makronun müsahibəsində Azərbaycanı tənqid etdiyini və Bakını törətmədiyi işlərdə ittiham etdiyini bildirib.

İlham Əliyevin qeyd etdiyi kimi, bunun ardınca Fransa Senatı Azərbaycan üçün qətiyyən qəbuledilməz və təhqiredici qətnamə qəbul etdi. Əliyev Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməyə hazırlaşdığını bildirib.

“Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”-deyə Əliyev açıqlayıb.

Azərbaycan prezidenti həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanı sülh danışıqlarının növbəti mərhələsinə əngəl olmaqda ittiham edib. Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyində Emmanuel Makron və Şarl Mişelin Yerevanla Bakı arasında aparılan danışıqlarda vasitəçi rolunu oynadığı “Praqa formatı” danışıqlarını saxlamaq istədiklərini bildirirlər. Nazirlikdən verilən açıqlamada Azərbaycanın guya Yerevanın sülh danışıqlarına xələl gətirməyə çalışdığı bəyanatının reallıqla heç bir əlaqəsinin olmadığını bildiriblər.