Hüquq-mühafizə orqanlarının əməkdaşları qrup halında törədilmiş quldurluq ittihamı ilə iki nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları qrup halında törədilmiş quldurluq ittihamı ilə iki nəfəri saxlayıblar: 2000-ci il təvəllüdlü M.M. və eyni ildə anadan olmuş Rusiya Federasiyası vətəndaşı K.P. Cinayətdə iştirak edən, 2001-ci il təvəllüdlü L.Ç.-yə isə qiyabi olaraq ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər şərikləri ilə birlikdə külli miqdarda vəsait əldə etmək məqsədilə quldurluq planı hazırlayıblar. “Cari ilin 14 aprel tarixində onlar iki nəfəri Tbilisidə yerləşən mənzillərdən birinə aldadaraq gətirib, əllərini bağlayıblar və odlu silah nümayiş etdirərək həyatlarına son qoymaqla hədələyiblər və onlara məxsus olan 181 000 ABŞ dolları məbləğində pulu, qol saatını və boyunbağını quldurluq yolu ilə ələ keçiriblər. Cinayət əməlindən sonra hər üç təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq gizlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətkarlar müəyyən edilib və onlara qarşı qanunvericiliyə uyğun tədbirlər görülüb. Polis M.M. və K.P.-nı şübhəli şəxs qismində saxlayıb.
Şübhəli şəxslərin yaşayış evində aparılan axtarış zamanı silahlar və cinayətin törədilməsində istifadə edilmiş digər əşyalar maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “b” yarım bəndi və 3-cü hissəsinin “q” yarım bəndi ilə aparılır, bu da 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.