Hakim Donald Trampı biznes sənədlərinin saxtalaşdırılması işi üzrə həbs və ya cərimə cəzasına məhkum etmədi

20:17, 10.01.2025

Hakim Donald Trampa biznes sənədlərini saxtalaşdırmaq işi üzrə qeyd-şərtsiz bəraət verib. Müvafiq qərarı Nyu York Məhkəməsinin hakimi Xuan Merçan elan edib. Bu o deməkdir ki, Donald Tramp heç bir həbs cəzası, cərimə və ya sınaq müddəti ilə üzləşməyəcək.

Xuan Merçanın izahatına görə, qeyd-şərtsiz azadlığa buraxılmaq ölkənin ən yüksək vəzifəsinə toxunmayan yeganə qanuni cəzadır.

“Sizə ikinci prezidentlik müddətinizdə uğurlar arzulayırıq”, – hakim məhkəmə iclasına onlayn qatılan ABŞ-ın seçilmiş prezidentinə deyib.

Donald Tramp çıxışında bu işi siyasi motivli adlandırıb. Onun bildirdiyinə görə, onu prezident seçkilərində iştirakına mane olmaq üçün ittiham ediblər.

“Fakt budur ki, mən tamamilə günahsızam, heç bir səhv etməmişəm”, – Tramp qeyd edib.

Məhkəmə Donald Trampı sənədləri saxtalaşdırmaqda ötən ilin may ayında təqsirli bilib. İttihama görə, Donald Tramp porno ulduz Stormi Danielsə 2016-cı il seçkiləri öncəsi cinsi əlaqə haqqında susması müqabilində 130 min dollar ödəyib və bu vəsait sənədlərdə qanuni ödəniş kimi qeyd edilib. Donald Tramp ittihamları rədd edir.

Oxşar