Hakan Fidan - ABŞ, İsrail və İran münaqişəsinin diplomatik yolla həlli dərhal başlamazsa, regionda müharibə genişlənə bilər
Hakan Fidan - ABŞ, İsrail və İran münaqişəsinin diplomatik yolla həlli dərhal başlamazsa, regionda müharibə genişlənə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın bildirdiyinə görə, ABŞ, İsrail və İran arasında münaqişənin diplomatik yolla həlli təcili olaraq başlamazsa, regionda müharibə daha da genişlənə bilər.

“Təəssüf ki, müharibədən əvvəlki ilkin xəbərdarlıqlarımız və təhlillərimiz real oldu. Əvvəldən deyirdik ki, bu müharibə nəzarətdən çıxa bilər. Müharibə mümkün qədər tez başa çatmalı və danışıqlar masasına qayıtmalıyıq. Əks halda, regionda müharibənin daha da yayılmasının şahidi olacağıq. İrana hücumların davam edəcəyi və İranın öz növbəsində qonşu ölkələrə zərbə endirəcəyi halda vəziyyətin tamamilə nəzarətdən çıxa biləcəyi bizi çox narahat edir. Buna son qoyulmalıdır”, – deyə Fidan Ankarada keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, hər iki tərəfin hücumları “təkcə region ölkələri üçün təhlükə yaratmır, həm də döyüş əməliyyatları dünya iqtisadiyyatına zərər vurur”. Fidan “bu vəziyyətin daimi xarakter almayacağına” ümid etdiyini deyib.

Türkiyə xarici işlər naziri həmçinin ölkəsinin milli təhlükəsizlik məsələlərində güzəştə getmək niyyətində olmadığını bildirib. Bununla o, İrandan atılan raketin Türkiyə hava məkanında vurulması ilə bağlı hadisələrə münasibət bildirib.

“Sülh və sabitliyə nail olmaq üçün səmimi səylərimiz, eləcə də anlayışımız və konstruktiv yanaşmamız heç bir şəkildə milli təhlükəsizlik məsələlərində güzəştə gedəcəyimiz mənasına gəlmir. Bildiyiniz kimi, ölkəmizə yönəlmiş daha bir raket havada zərərsizləşdirilib. Bu ciddi hadisə ilə bağlı iranlı həmkarlarımızla birbaşa əlaqə saxlayırıq”, – Türkiyənin xarici işlər naziri bildirib.

Bununla yanaşı, Hakan Fidan qeyd edib ki, Türkiyə mümkün təxribatlara baxmayaraq, Yaxın Şərq münaqişəsinə qoşulmaq niyyətində deyil.